Bu qatarın dalınca baxma... üstünə çıx! | FOTOLAR

// Hindistanda niyə qatarın damında gedir və ora necə çıxıb-düşürlər?!

   Bu qatarın dalınca baxma... üstünə çıx!    | FOTOLAR
  02 Fevral 2025    Oxunub:600
Hindistanın üstü (və təkcə üstü yox!) sərnişinlə dolu məşhur qatarlarının şəkillərini yəqin, görməyən tapılmaz. O qatarlar niyə bu dərəcədə basa-bas olur və ən əsası, sərnişinlər onun üstünə necə çıxıb-düşürlər?

Əvvəlcə onu deyək ki, bunlar standart nəqliyyat yox, işçiləri daşımaq üçün nəzərdə tutulan xüsusi ucuz qatarlardır. İctimai nəqliyyatın sosial növü sayılır və gedişhaqqı olmur.


Yaranan mənzərə xariciləri üşəndirə bilər, amma yerli əhali bu qatarların üstünə dırmaşmağa, böyründən sallanaraq getməyə çoxdan adət edib. Onlar üçün bu, adi səyahət tərzidir. Ölkədə əhalinin çox hissəsi işə belə gedir və qayıdır.


Əslində bu, onlar üçün haradasa müəyyən qədər xoşdur da: +45...+50 dərəcə istidə kondisionersiz vaqonun içində bişməkdənsə, üstündə sərinlənmək daha xoş və rahatdır.


Hazırda Hindistanda milyard yarımdan çox insan yaşayır. Əhali hər il 15 milyon nəfər artır. Bu qədər insanın daşınması üçün nəqliyyatın bütün növləri və nəqliyyat vasitəsinin hər yeri məqbuldur. Hətta damı da. Amma sərnişinlər ora necə çıxırlar?


Məsələ ondadır ki, hakimiyyət orqanları bilərəkdən vağzallardakı dayanacaqları qatarların damına çıxıb-düşməyə imkan verəcək şəkildə layihələndirirlər. Sərnişinlərin bunu edə bilməsi üçün xüsusi perronlar qurulur.


Aydın məsələdir ki, adam qatının altında itib-batan bu qatarlar təhlükəsizlik baxımından bərk gedə bilməzlər. Onların sürəti bir qayda olaraq, 40 km/saatı aşmır. Eyni məqsədlə onların hərəkət etdikləri yollar da elektrikləşdirilməyib: Qatarı köhnə qaydada teplovoz dartır. İnsanları elektrik cərəyanı vurmasın deyə.


Bu cür qatarlara çox vaxt poçt, yük, heyvan vaqonları da bənd edirlər.


Hindistanda ən ucuz qatarlar “G” bileti ilə (“General”) olanlardır. Amma inanın, siz o qatarların içində getmək istəməzsiniz. Ondansa, vaqonun üstün yaxşıdır. Hətta altı da!


Əlbəttə, orada keyfiyyətli, normal, hətta lüks qatarlar da var. Amma bu, artıq başqa söhbətin mövzusudur.

Samir Quliyev
AzVision.az


Teqlər: Hindistan   Nəqliyyat  





Xəbər lenti